Marselino Toral yenidən “Villarreal”da

Sentyabrda Marsel “Olimpik”inin baş məşqçisi vəsifəsini tərk etmiş ispan mütəxəssis Marselino Toral yenidən “Vilyarreal”a qayıdıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, noyabrın 10-da “Vilyarreal” komandanın baş məşqçisi Xose Roxo Martin “Paçeta” ilə yollarını ayırmaq qərarına gəlmişdi. Klub rəhbərliyi komandanın qeyri-qənaətbəxş çıxışını nəzərə alaraq, ispan mütəxəssislə iş birliyinə xitam verib, “Paçeta”ya komanda üçün etdikləri müqabilində təşəkkür və gələcəkdə uğurlar diləyib.

“Vilyarreal” komandanın baş məşqçisi vəzifəsinə Marselino Qarsiya Toralı dəvət edib və tərəflər arasında razılıq əldə edilib. İmzalanmış müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. İspan mütəxəssisin əmri dünən verilib və Marselino bu gün komandanı səhər və axşam məşqlərinə çıxarıb.

Daha əvvəl, Marselinonun bir neçə tələb müqabilində “Vilyarreal”ı çalışdırmağa boyun olacağı haqda məlumat vardı: illik 7 milyon avro maaşla iki il yarımlıq müqavilə, müdafiəçi və yarımmüdafiəçinin alınması və Marselinonun beş etibarlı adamının texniki heyətinə cəlb edilməsi.

Xatırladaq ki, ispan mütəxəssis bundan əvvəl 2013-2016-cı illərdə “Vilyarreal”ı çalışdırıb. O, komandanı 177 oyuna çıxarıb ki, bu görüşlərdə 87 qələbə, 44 heç-heçə və 46 məğlubiyyət qeydə alınıb.

Marselino daha öncə Marsel “Olimpik”ini, “Atletik”i, “Valensiya”nı, “Sevilya”nı, “Rasinq”i, “Saraqosa”nı, “Rekreativo”nu, Xixon “Sportinq”ini də çalışıdırıb.

“Vilyarreal” bu mövsüm La Liqada keçirdiyi 13 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Komanda 12 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: