Alessandro Florensi də “qumar işi”ndə “ilişdi”

“Milan”ın italyan sağ cinah müdafiəçisi Alessandro Florensi qeyri-qanuni mərc qoyuluşları ilə bağlı işdə “ilişib”.

Arena.az AGI xəbər agentliyinə istinadən məlumat verir ki, buna qədər qeyri-qanuni mərc qoyuluşlarında iştirak etmiş futbolçuların jurnalist Fabrisio Korona tərəfindən dərc edilmiş siyahısında şübhəli olaraq bilinən Florenzi, artıq bu işdə ittiham edilir.

Turin prokurorluğu Alessandronu artıq şübhəli şəxs qismində reyestrə daxil edib və indi futbolçunun barəsində istintaq aparılır. Florensi diskvalifikasiya ilə üz-üzədir.

Xatırladaq ki, daha əvvəl “qumar işi”ndə “Nyukasl”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonali də təqsiri sübuta yetirilərək cəzalandırılıb. Tonali qarşıdan gələn Avropa çempionatı da daxil olmaqla 12 ay futbolsuz qalacaq.

Alessandro Florensi “Milan”a 2022-ci ilin iyulunda 2,70 milyon avro qarşılığında “Roma”dan keçib. Alessandronun “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə o, “Milan”ın heyətində 13 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Müdafiəçi “Milan”la 2021/2022 mövsümü İtaliya A Seriyasının qalibi olub.

Florensi 2012-ci ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 49 oyuna 2 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Alessandro “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı Alessandro Florensini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: