Alessandro Florensi “qumar işi”ndə canını cəzadan qurtardı

“Milan”ın italyan sağ cinah müdafiəçisi Alessandro Florensi qeyri-qanuni mərc qoyuluşlarında iştirakına görə cəzalandırılmayacaq.

Arena.az “La gazzetta dello sport” nəşrinə istinadən xəbər verir ki, futbolçunu uzağı, qanunsuz oyun platformalarında qeyri-futbol idman növlərinə qoyuluşlar etməsi müqabilində pul cəriməsi gözləyir.

Mənbənin məlumatına görə, Florensi Turin prokurorluğunda dindirilərkən əmin edib ki, o, heç vaxt futbola mərc qoyuluşları etməyib. Müdafiəçi eyni zamanda başqa oyunlara, o cümlədən rulet oyunlarına mərc edib. Cinayət hüququ nöqteyi-nəzərindən Florensi qeyri-qanuni saytlarda mərc oynadığına görə cərimə ilə üzləşə bilər, amma Allessandro idman diskvalifikasiyasından canını qurtarmış olub.

Xatırladaq ki, buna qədər Florensinin vəkili də müştərisinin qeyri-qanuni oyun platformalarında qoyuluşlar etdiyini, amma futbola aid qoyuluşlardan çəkindiyini bildirmişdi.

Alessandro Florensi “Milan”a 2022-ci ilin iyulunda 2,70 milyon avro qarşılığında “Roma”dan keçib. Alessandronun “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə o, “Milan”ın heyətində 13 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Müdafiəçi “Milan”la 2021/2022 mövsümü İtaliya A Seriyasının qalibi olub.

Florensi 2012-ci ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 49 oyuna 2 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Alessandro “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı Alessandro Florensini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: