PSJ-nin mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emeri son 109 ildə Fransa yığmasının ən gənc futbolçusu olaraq, statistika tarixinə düşüb.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Zair-Emeri 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllüttariqlə oyunda (14:0) 17 yaş 8 ay 11 günlüyündə meydana çıxıb.
Zaire-Emeri həm də oyunun 16-cı dəqiqəsində Cəbəllüttariq yığmasının qapısına qol vurmaqla, müvafiq olaraq, Fransa yığmasının son 109 ildə ən gənc qolçusu olub.
Uorren daha əvvəl, Birinci Dünya müharibəsindən sonrakı dövrdə Fransa yığmasının ən gənc debütantı olan yarımmüdafiəçi Eduardo Kamavinqanın nailiyyətini yeniləyib. 2020-ci ilin sentyabrında həmin vaxt “Renn”də çıxış edən Kamavinqa Xorvatiya yığması ilə oyunda 17 yaş, 9 ay 29 gündə meydana çıxmışdı.
Fransa yığmasının hər iki göstərici üzrə mütləq rekordçusu isə hücumçu Moris Qastije olaraq qalır. Qastije 1914-cü il fevralın 8-də 17 yaş 4 ay 5 günlüyündə Lüksemburq yığması ilə oyunda Fransa yığmasının heytətində debüt edib. Bir ay sonra, 1914-cü il martın 8-də İsveçrə yığması ilə oyunda isə Qastije qol vurub.
Zair-Emeri PSJ-nin əsas komandasında 2022-ci ilin iyul ayından çıxış edir. Uorrenin Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə gənc yarımmüdafiəçi parislilərin heyətində 15 oyuna 2 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. Zair-Emerinin Fransa nəhnginin heyətində ümumi statistikası isə belədir: 46 oyun, 4 qol, 5 məhsuldar ötürmə. Uorren PSJ ilə Fransa Liqa 1-in 2022/2023 mövsümünün qalibi olub.
Uorren Zair-Emeri, qeyd etdiyimiz kimi, Fransa yığmasının heyətində noyabrın 18-də debüt edib və 1 qol vurub. Uorren “xoruzlar”ın U-17 yığması ilə 2022-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı Uorren Zair-Emerini 50 milyon avro məbləğində qiymətləndirir.


