“Real”da Rodriqo Qoes də sıradan çıxdı

Futbol üzrə Braziliya milli komandasının və İspaniyanın “Real” klubunun sağ cinah vingeri Rodriqo Qoes zədələnib.

Arena.az bu barədə AS nəşrinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi Braziliya millisinin heyətində Argentinaya 0:1 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb. Mənbənin məlumatına görə, klubun düşərgəsinə qayıdan Rodriqo komanda yoldaşları ilə məşqə çıxmayıb, idman zalında qalıb. Rodriqodan müayinə üçün nümunələr götürülüb və yoxlama bu gün də davam edəcək. Amma klub əmindir ki, futbolçuda ciddi xəsarət yoxdur və ümidvardır ki, fizioterapiyanın köməyi ilə müalicə uğurla tamamlanacaq. Buna baxmayaraq, futbolçunun noyabrın 26-da “Kadis”ə qarşı La Liqa matçında və noyabrın 29-da Çempionlar Liqasında “Napoli” ilə görüşdə iştirakı sual altındadır.

Xatırladaq ki, Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 182 oyuna çıxıb, 42 qol vurub, 36 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 17 oyuna 5 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Yarımmüdafiəçi “kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 18 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Sonda onu da xatırladaq ki, Madrid “Real”ında Eduardo Kamavinqa, Vinisius Junior, Kepa Arrisabalaqa, Dani Sebalyos, Tibo Kurtua, Arda Gülər, Eder Militao, Orelyen Tçuameni də zədədən əziyyət çəkirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: