Luka Modriç “Real”da növbəti rekordunu müyyənləşdirdi

“Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç 35 yaşından sonra keçirdiyi oyunların sayına görə “qaymaqlılar”ın rekorduna imza atıb.

Arena.az bu barədə İspaniyanın “Marca” nəşrinə istinadən məlumat verir.

Modriç İspaniya La Liqasının 14-cü turu çərçivəsində “Kadis”lə səfər oyununda (3:0) iştirak edib. Bu görüş xorvat futbolçunun 35 yaşından sonra “Real”ın heyətində meydana çıxdığı 161-ci oyun olub.

Beləliklə Modriç müvafiq göstəriciyə görə 1986-1997-ci illərdə “Real”da çıxış etmiş qapıçı Fransisko Buyonun rekordunu qırıb.

Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro qarşılığında İngiltərənin “Tottenhem” klubundan keçib. Yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində 16 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 504 oyun, 37 qol, 79 məhsuldar ötürmə.

Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Modriç kapitanı olduğu Xorvartiya yığmasında da 172 oyuna çıxıb. O, bu oyunlarda 24 qol vurub, 27 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı Luka Modriçi 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: