Braziliya millisinin əfsanəsi Vitor Borba Ferreyra və ya sadəcə Rivaldo öz dövrünün “RoRiRo üçlüyü” və “Barsa” “MSN üçlüyü” haqda danışıb.
Arena.az məlumat verir ki, o, “МЯЧ Shorts” “YouTube” kanalına müsahibəsində həm də gələcəkdə “Qızıl top”a iddiaçıların kimlər olacağı haqda fikrini də paylaşıb.
Braziliyalı futbolçu özünün iştirakı ilə Braziliyanın məşhur “RoRiRo üçlüyü”nü (Ronaldinyo, Rivaldo, Ronaldo) “Barselona”nın “MSN üçlüyü” (Messi, Suares, Neymar) ilə müqayisə edib:
“Hər kəs öz vaxtında yaxşıdır. Bizim üçlük dünya çempionudur, biz bunu Braziliya üçün etdik. Messi, Suares və Neymar üçlüyü isə “Barselona”nın çempionudur. Artıq hamımız futbol tarixindəyik. Əlbəttə, Ronaldo ilə oynamaq həmişə xoşuma gəlirdi, o, fenomenaldır, onunla oynamaq mənim üçün asan idi. Amma mən demirəm ki, bizim üçlük daha yaxşıdır. Neymarı, məsələn, mən, inanılmaz dərəcədə istedadlı, hətta böyük futbolçu hesab edirəm. Mən ona heyranam”.
Braziliya millisinin sabiq ulduzu öz fikrincə, gələcəkdə futbol zirvələrini fəth edəcək və “Qızıl top”a iddialı olacaq futbolçuların adını da açıqlayıb:
“Haland və Mbappe “Qızıl top”u bir-biriləri arasında bölüşdürəcəklərmi? Bəli, yəqin ki. Məncə, onların hər ikisi böyük futbolçudur. Mən hərdən Neymarın adını çəkirəm, amma məndə elə təəssürat yaranır ki, o, hələ də “Qızıl top”a layiq ola bilmir. Haland və Mbappe qarşıdakı illərdə mütləq bunun üçün mübarizə aparacaqlar”.
Rivaldonun xüsusi təqdimata ehtiyacı yoxdur. Futbol dünyasında braziliyalı pleymeyker “sonuncu mogikan” təxəllüsü ilə tanınır. Klassik “10 nömrə” Braziliya millisi ilə yanaşı “Barselona”nın əfsanəsidir. Rivaldo “Barselona”da 1997-2022-ci illərdə çıxış edib. Braziliyalı futbolçu “Barsa” ilə İspaniya La Liqasının (1997/1998, 1998/1999), İspaniya Kral Kubokunun (1997/1998) və UEFA Super Kubokunun (1997) qalibi olub və 1999-cu ildə “Qızıl top”a layiq görülüb.
Rivaldonun ən böyük uğuru isə 2002-ci ilə Braziliya millisi ilə dünya çempionluğunu qazanması olub.


