Azərbaycanın kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası Çelenc kubokunda bu gün növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos” kollektivi ilə mübarizə aparıb.
Bu rəqiblə ilk matç Bakıda baş tutmuşdu. Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstan təmsilçisini Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul etmiş və 0:3 hesabıyla məğlub olmuşdu.
Afina təmsilçisi ilə cavab görüşü isə bu gün Yunanıstanda reallaşıb. Qarşılaşma Şuşa klubu üçün uğursuz alınıb. Belə ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 3:1 (25:16, 25:12, 23:25, 25:16).
Xatırladaq ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub etmişdi (3:0, 3:1).


