Hidayət Heydərov Azərbaycan cüdo tarixində ilk dəfə olaraq Yaponiyada keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, Tokio şəhərində təşkil olunmuş yarışa bu gün start verilib.
Yarışın ilk günündə Azərbaycanın yeddi cüdoçusu mübarizəyə qoşulub. Onlardan yalnız ikisinin çıxışı uğurlu alınıb.
-73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov karyerasında ilk dəfə qızıl mükafat qazanıb. O, dörd rəqibinə qalib gələrək finala yüksəlib. Final görüşündə Heydərov Yaponiya təmsilçisi Soiçi Haşimotoya qalib gəlib. Hansı ki, Hidayət bu vaxta qədər ona qarşı keçirdiyi 7 görüşün hamısında uduzmuşdu.
Eyni çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Rəşid Məmmədəliyev startda uduzub.
Zelim Tçkayev də Tokiodakı “Böyük Dəbilqə”ni medalla başa vurub. Lakin o, bürünc medalla kifayətlənib. -81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz iki qələbə qazandıqdan sonra uduzub. Rəqibi finala qədər irəlilədiyi üçün təsəlliverici görüşə qatılan Zelim həm bu görüşdən, həm də bürünc medal uğrunda döyüşdən qalib ayrılmaqla 3-cü olub.
-81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Səid Mollayi startda uduzaraq yarışla vidalaşıb.
90 kq-da yarışan Murad Fətiyev ikinci, Vüqar Talıbov isə ilk görüşündə uduzub.
Tokioya yollanan yeganə qadın cüdoçumuz – Acelya Toprak da uğursuz çıxış edib. O, startda uduzub.
Xatırladaq ki, sabah başa çatacaq “Böyük Dəbilqə” turnirində 88 ölkədən 536 cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur. Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edirlər.


