Azərbaycan cüdoçusu Zelim Kotsoyev Yaponiyanın paytaxtı Tokioda təşkil olunmuş “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, iki gün davam edən yarışa bu gün yekun vurulub.
Sonuncu yarış günündə Azərbaycanın daha yeddi cüdoçusu mübarizəyə qoşulub. Onlardan yalnız birinin çıxışı nisbətən uğurlu alınıb. Belə ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Cennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
60 kq-da yarışan Balabəy Ağayev də Zelim kimi 1/4 finala qədər uğurla irəlilədikdən sonra uduzub. Daha sonra o, təsəlliverici görüşdən qalib ayrılaraq bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Amma o, üçüncü yer uğrunda qarşılaşmadan məğlub ayrılıb. Bu çəki dərəcəsindəki digər cüdoçumuz Nizami İmranov üçüncü raundda məğlub olub.
66 kq-da çıxış edən Yaşar Nəcəfovla Kamran Süleymanov startda uduzublar.
+100 kq-da mübarizə aparan Ramazan Əhmədov startda uduzubsa, Uşanqi Kokauri ikinci döyüşündə məğlub olub.
Beləliklə, Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük Dəbilqə” turnirini 3 medalla başa vurublar.
Xatırladaq ki, ilk yarış günündə Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanmışdılar.
Xatırladaq ki, Tokiodakı “Böyük Dəbilqə”də 88 ölkədən 536 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunub. Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edirdilər.


