Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.
Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni Avroliqada davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan “Qarabağ” İsveçin “Hakken” klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini qoruya bilsə, UEFA Çempionlar Liqasının qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək.
Potensial rəqiblər sırasında Türkiyə çempionu “Qalatasaray” da var. Qurban Qurbanovun kollektivi İtaliya nəhəngi “Milan”la da qarşılaşa bilər.
“Qarabağ” Avropa Liqasında mübarizəni davam etdirə bilsə, pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, Avroliqanın pley-off mərhələsinin oyunları 2024-cü ilin fevralında keçiriləcək. Ayın 15-də ilk oyunlar, 22-də isə cavab görüşləri keçiriləcək.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyununa saat 21:45-də sytart veriləcək. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur. Almaniya “Bayer”i 15 xalla qrup birincisidirsə, Norveç “Molde”si 7 xalla üçüncü pillədə qərarlaşıb.
“Qarabağ”ın potensial rəqibləri:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)


