Hidayət Heydərov Açıq Avropa çempionatında “bürünc” qazandı

Cüdo üzrə Azərbaycan millisinin liderlərindən olan Hidayət Heydərov Kosovoda keçirilən Açıq Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Kosovonun Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı keçirilib.

Yarış kişilər arasında -73 kq çəkidə, qadınlar arasında isə -57 kq çəkidə baş tutub. Çempionatda 27 ölkədən 42 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Azərbaycanı yarışda kişilər arasında -73 kq çəkidə Hidayət Heydərov təmsil edib. İdmançımız üçün yarış yaxşı başlamayıb. Amma o, təsəlliverici görüşə qatılmaq şansı əldə edib. Cüdoçumuz əvvəlcə Monteneqrodan olan Yahya Nurkoviçə qalib gəlib. Bürünc mükafat uğrunda görüşdə isə Hidayət, gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Təcrübəli idmançımız qələbə qazanaraq bürünc medal əldə edib.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə yarışda Avropa Cüdo Birliyinin İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: