“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/8 finalında “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun ilk dəqiqələrində gözlənilməz qol buraxdıq. Rəqibi oyundan əvvəl təhlil etmişdik. Hesabda geriyə düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Hücumlar qursaq da, fərqlənə bilmirdik. Şükürlər olsun ki, sonda iki qol vurub qalib gəldik. Rəqibin müdafiəsini yarmaq asan deyildi. Çətin məqamda oyunçularım sonda “Turan Tovuz” kimi rəqibə iki qol vuraraq, klub üçün vacib qələbə qazandılar.
Filipe Paxtman qol vursa da, təəssüf ki, yenə zədələndi. Bu gün meydana çıxmasının riskli olduğunu həkimlər bizə demişdilər. Amma özü də oynamaq istəyirdi. Sonda ona ehtiyac olduğunu hiss etdim. Meydana çıxdı və qolunu da vurdu. Ümid edək ki, zədəsi ciddi deyil. Təkrar zədələnə biləcəyi ilə bağlı, daim qorxu içindədir. Əvvəlki matçlarda aktiv iştirak edib. O, meydanda olanda komandaya xeyir verir, etimadımızı doğruldur. Belə məqamda fədakarlıq edib meydana çıxdı, qol vurdu. Paxtman nə qədər ki, sağlamdır, ona hər zaman ehtiyacımız var”.
“Zirə”nin təzyiqinə dözə bilmədik” – Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətini belə şərh edib:
“Kubok bir oyundan ibarətdir. Bəlkə də, 1/8 finalda ən ağır cütlük bu idi. Çünki digər komandalar Birinci Liqa təmsilçiləri ilə oynayırdılar. Bizim üçün kubok bu mövsüm bitdi. Üç gün əvvəl də “Zirə” ilə oynamışdıq. Bilirdik ki, “Zirə” uduzduğu üçün bu oyunda daha aqressiv olacaq. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki vurduğumuz qol “Zirə”ni daha aqressiv etdi. İkinci qolu da vura bilərdik. Belə oyunlarda ikinci qol lazım olur. Təəssüf ki, sonda rəqibin təzyiqinə dözə bilmədik. Yorğunluq öz sözünü dedi. Sıx qrafik bizim üçün daha çox çətindir. Digər komandalar dörd gündən bir oynayır, biz üç gündən bir. İndi biz Tovuza gedib, ayın 23-də “Araz-Naxçıvan”la oynayacağıq. Bu gün rəqib ikinci hissədə bizə imkan vermədi. Futbolçularımızın soyuqqanlı olmasını istədik. Amma oyunun təzyiqi buna imkan vermədi. Rəqibi təbrik edirəm. Gələn oyuna hazırlaşıb, ili yaxşı nəticə ilə başa vurmaq istəyirik. Çalışacağıq ki, çempionatda nə qədər bacarırıqsa, irəlidə olaq. Demək ki, bu mövsüm kubokda irəlilmək qismət deyilmiş”.


