“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlin son matçında qalib gəlməyimiz xoş oldu. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Oyunçulara və azarkeşlərə təşəkkür edirəm. Təəssüfləndiyim məqam Kazimir Ninqanın yenidən zədələnməsi oldu. Zədəsi eyni yerdəndir. Sürətli oyunçuların başına gələn hadisədir. Özü də dilxordur, biz də. Bir ay da buna vaxt gedəcək. Təəssüf ki, toplanışa problemlərlə gedəcəyik. Ninqadan savayı, Vüqar Mustafayev də əməliyyata yollanacaq. O da iki ay olmayacaq. Mövsümün əvvəlində 6-7 legioner götürüb onlarla hərəkət edəcəyini ehtimal edirsən. Amma bu cür zədələr planları pozur”.
“Sumqayıt”ın çalışdırıcısı qış fasiləsində Türkiyəyə yollanmağı planlaşdırmalarına rəğmən, bu planların dəyişməsinin mümkünlüyünü də dilə gətirib: “Biz qış toplanışı ilə bağlı noyabr ayından planları qurmuşduq. Deyəsən, “Qəbələ” də getməyəcək. Turdan-tura eşidirsən ki, hansısa komanda getmir. Qətiyyətlə gedəcəyimizi demirəm. Şəraitimiz də o qədər pis deyil. Meydançalar da var. Bəlkə getmək fikrindən daşındıq. Orada qurduğumuz planlar da bəzən alınmır. Məsələn, 8-də oyun danışmışıq, zəng edirlər ki, həmin komanda gəlmir. Gərək başqa klubla danışaq. Sabah eşitsəz ki, “Sumqayıt” da getmir, təəccüblənməyin”.
Samir Abasov sabah keçiriləcək “Neftçi” – “Kəpəz” matçına baxıb-baxmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Sabah istirahət gündür, dincələcəyəm. İşlərim var. Çox güman ki, baxmayacağam. Amma həmin ərəfədə televizorda futbol olsa, baxaram. Bilmirəm, niyə həmişə mənim komandam qalır kənarda, mənə “Neftçi”dən suallar verilir? Mən də cavab verməli oluram. Dilimi saxlaya bilmirəm. Buradan çıxıram, “Neftçi”dən zənglər gəlir ki, yenə nə oldu? Xahiş edirəm, mənə “Neftçi” ilə bağlı suallar verməyin. Mənim öz komandam var. Bu gün “Neftçi”nin və ya digər komandanın bizi keçməsi ilə dünya dağılmır. Hər şey çempionat bitəndə sayılacaq”.
“32 ildir bu səhvi edirik” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətini belə şərh edib:
“Şikayətlənməyi sevmirəm. Amma birdən-birə altı nəfərin olmaması bizim kimi kiçik komanda üçün böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Bu gün isə məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. “Sumqayıt”ın qələbəsini kiçiltmirəm, vuruşdular. Onları təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik. İki-üç oyunçu gələcək. Həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. “Səbail” düzgün yoldadır, komandanın xarakteri var.
Şahin Diniyev Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərlə də bağlı fikirlərini bölüşüb: “Məşqçinin milləti olmur. Biz həmişə deyirik ki, Azərbaycanın mentalitetinə uyğun məşqçi gəlsin. Futbolumuzu yüksəldəcəksə, mentaliteti bilməsi lazım deyil. Futbolçuya bir yanaşma var, o da peşəkarcasına. Biz deyirik ki, yox, bizim futbolçu ilə başqa cür danışmaq lazımdır. Bu, düzgün baxış deyil. Bizdə problem baş məşqçilik deyil. 32 ildir bu səhvi edirik. Kimin gəlməsinin fərqi yoxdur. Problemi düz yerdə axtarmırıq. Demək ki, problem orada deyil. Başqa yerdədir. Ümumi sistemimiz yoxdur. Futbolun inkişafı üçün hansı sistemimiz var idi? 10 il oldu da. Nə baş verdi? Ancaq legionerlər gəldi, 40-50 min verdik, getdilər, yenə futbolumuz qaldı belə. Utanmaq lazım deyil. Lüksemburq necə inkişafa keçdi? Utanmayaq, onların sistemini götürək. Almaniya kimi qrand finallara düşə bilmədi. Onlar başqa yol tapdılar. Hərənin bir uğur yolu var. Bizim də uğur yolumuz Şimali Makedoniya, Lüksemburq, Qazaxıstana uyğundur. İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı. Yaxşı olmağını istəyirik, amma olmayacaq”.


