Rəşad Sadıqov: “Qarabağ” layiqli qələbə qazandı, amma…”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandama təşəkkür edirəm. Futbolçular bu gün çox əzmkar mübarizə apardılar. Qarşımızda ən güclü “Qarabağ” var idi. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Rəqibə qol epizodu vermirdik. Top itkisinə yol verdik. Bu da “Qarabağ”ın sevdiyi məqamlardır. İkinci hissənin əvvəlində “Qarabağ” daha aktiv idi. Beynimizdə müəyyən dəyişikliklər hazırlamışdıq. 60-cı dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Təhlükəli hücumlar qursaq da, sonluğu gətirə bilmədik. Futbolçularıma 18 turda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm.

“Qarabağ”la matçdan öncə “Turan Tovuz”la iki çətin oyun keçirmişdik. Dörd gün ərzində çox güc sərf etdik. Yorğunluq və buraxılan qol bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı”.

Rəşad Sadıqov qışda yollarını ayıracaqları futbolçuları hələ müəyyənləşdirmədiklərini bildirib: “Bu barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə söhbətimiz olacaq. Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirmək vacibdir”.

“Kuboku qazanmaq daha çətin olmalıdır”

“Zirə”nin baş məşqçisi qış fasiləsindən və Azərbaycan Kubokunun formatından da söz açıb: “Hazırlıq keçməyə vaxt azdır. Çempionatda fasilə olmamasının tərəfdarıyam. Böyük çempionatlarda fasilələr çox olmur. Bizdə yalnız “Qarabağ”ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Sadəcə, onlara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada hazırlıq keçmək daha yaxşıdır. Hava şəraiti imkan versə, fasilələrin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. Kuboka 1/4 finaldan başlamışıq. Düşünürəm ki, bu, düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur, amma Avropa Konfrans Liqasına gedə bilmir. Peşəkar Futbol Liqası bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var”.

“Onu bu oyuna təyin etmək doğru deyildi”

Sadıqov “Qarabağ”la oyunun Cavid Cəlilova tapşırılmasından da narazılığını dilə gətirib: “Qarabağ” layiqli qələbə qazandı. Deyəcəyim sözlər “Qarabağ”la əlaqəli deyil. Sadəcə, Cavid Cəlilovun bizim oyunumuza təyin edilməsi düzgün deyil. Çünki “Sabah”la matçdan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi, yenə “Zirə”nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə, psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75-ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi, oyunçu ikinci “sarı”dan sonra qovulmalı idi. Dərindən təhlil etsək, qırmızı vərəqə də verilə bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçum etsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm, onu bu oyuna təyin etmək doğru deyildi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: