Madrid “Atletiko”sunun keçmiş hücumçusu Luis Araqonesin oğlu “döşəkçilər”ın hücumçusu Antuan Qrizmann haqqında fikirlərini paylaşıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən Luis Araqonesin oğlunun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Atam vacib oyunlarda yaxşı çıxış edirdi. Qrizmann bunu əldən verir. “Real” və “Barselona” ilə oyunlarda öz səviyyəni göstərməlisən. Atam vacib oyunlarda həlledici rol oynayırdı. Qətiyyəti var idi. O, paltardəyişmə otağının lideri idi. Onun daha artıq qətiyyəti var idi. Atam elə, liderlik keyfiyyətləri ilə doğulmuşdu. Qrizmannın bu səviyyəyə çatması üçün nə isə çatışmır”, deyə Araqonesin oğlu bildirib.
Xatırladaq ki, İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Xetafe”yə qarşı oyunda dübarə qol vurmuş Qrizmann “Atletiko”nun heyətində bütün yarışlarda vurduğu qolların sayını 173-ə çatdıraraq, mərhum Luis Araqonesin rekordunu təkrarlayıb. Beləliklə, hazırda “döşəkçilər”in tarixində vurulmuş qolların sayına görə Qrizmann və Araqones 1-ci yeri bölüşürlər. Qrizmana 1 qol vurmaq kifayətdir ki, “Atletiko” tarixinin ən sərrast futbolçusuna çevrilsin.
Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. Antuan “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. Cari ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 24 oyuna 16 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 365 oyun, 173 qol, 78 məhsuldar ötürmə.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Antuan Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.


