Conni Kardozo – “Betis”in yeni futbolçusu!

ABŞ yığmasının mərkəz yarımmüdafiəçisi Conni Kardozo Braziliya “İnternasyonal”ından İspaniya La Liqasının təmsilçisi “Betis”ə keçib.

Arena.az məlumat verir ki, Əndəlüs klubu Kardozo ilə müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Transfer “Betis”ə 6 milyona avroya başa gəlib və futbolçunun müqaviləsi 2024-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək.

Kardozo əslən braziliyalıdır və Amerika Birləşmiş Ştatlarında doğulub. Conni hələ körpə ikən valideynləri Braziliyaya qayıdıblar. “İnternasyonal”ın futbol akademiyasına qoşulana qədər Kardozo “Avai” və “Krisiuma”da top qovub. Kardozo böyük futbola “İnternasyonal”da qədəm qoyub və 2020-ci ilin yanvarında əsas komandaya qoşulub. “Betis” Kardozonun karyerasında ilk Avropa, həmçinin əcnəbi klubdur.

Artıq başa çatmış 2022/2023 mövsümündə Kardozo “İnternasyonal”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Kardozonun “Kolorados”un heyətində çıxışının ümumi mənzərəsi belədir: 144 oyun, 7 qol, 5 məhsuldar ötürmə.

Kardozo böyük futbolda klub səviyyəsində hələ qənimət qazanmayıb.

Conni ABŞ yığmasının heyətində çıxış etmək qərarını verib və əvvəlcə 2019-cu ilin oktyabrında U-23 yığmasında, sonra isə 2020-ci ilin noyabrında “yankilər”in əsas heyətində debüt edib. ABŞ yığmasında Conni 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Kardozo ABŞ yığması ilə CONCACAF Millətlər Liqasının 2022/2023 mövsümünün qalibi olub.

“Transfermarkt” internet portalı 22 yaşlı braziliyaəsilli amerikan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: