Azərbaycan Premyer Liqasında qış fasiləsinə 2-ci pillədə yollanan “Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda yanvarın 3-də bir araya gələcək. Hazırlığını Bakıda keçəcək “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırır.
Rəşad Sadıqovun çalışdırdığı komanda yanvarın 10-da “Araz-Naxçıvan”la qarşılaşacaq. Ayın 15-də isə “Qarabağ”la qarşılaşma baş tutacaq.
Zirənin eyniadlı təmsilçisi daha sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.
Xatırladaq ki, “Zirə” bu mövsüm keçirdiyi 18 oyunda 8 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Qartallar” hazırda 29 xalla 2-ci pillədə qərarlaşıblar.


