Maqnus Karlsen ardıcıl ikinci il blits üzrə dünya çempionu oldu

Norveçli qrosmeyster Maqnus Karlsen ikinci il dalbadal şahmat blitsi üzrə dünya çempionatında çempion adına sahib olub.

Arena.az məlumat verir ki, 16-cı dünya çempionu, dünya reytinqinin lideri Karlsen Səmərqənddə (Özbəkistan) keçirilən turnirdə şahmat blits üzrə dünya çempionu adını qoruyub.

Ümumilikdə, bu, 33 yaşlı norveçli üçün 7-ci müvafiq çempionluqdur.

Yarışın 21 turunda Maqnus Karlsen 16 xal toplayıb. Maqnusun ən yaxın izləyicisi rusiyalı qrosmeyster Daniil Dubovdur – 15,5 xal.

Vurğulayaq ki, çempion adı uğrunda Dubova taybreykə qədər cəmi 0,5 xal çatışmayıb. İlk üçlüyü digər rusiyalı şahmatçı Vladislav Artemyev tamamlayıb – 15 xal.

Xatırladaq ki, bundan əvvəl, Səmərqənddə keçirilən sürətli şahmat (rapid) üzrə dünya çempionatında Karlsen ötənilki çempion adını da qoruya bilib. Yəni, norveçli qrosmeyster ardıcıl 2-ci il həm şahmat rapidi və həm də şahmat blitsi (karyerasında 4-cü dəfə) üzrə dünya çempionatında “qızıl dubl” əldə edib.

Yeri gəlmişkən, Azərbaycan şahmatçıları Səmərqənd şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatını medalsız başa vurublar. Yarışda 324 şahmatçı mübarizə aparıb.

Kişilərin rapid üzrə turnirində təmsilçilərimizdən ən yaxşı nəticəni 8 xalla 39-cu olan Teymur Rəcəbov göstərib. Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva 7 xalla 20-ci yeri tutub.

Kişilərin blits üzrə yarışında Şəhriyar Məmmədyarov (13 xalla 22-ci), qadınlar arasında isə Günay Məmmədzadə (9,5 xalla 32-ci) ən yaxşı nəticəyə imza atıblar.

1 milyon dollar mükafat fondu olan dünya çempionatında Azərbaycanı 17 şahmatçı təmsil edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: