Braziliyada Futbol Kralı Pelenin xatirəsi yad edildi

Braziliyada üçqat dünya çempionu, Futbol Kralı Pelenin vəfatının ildönümü ilə bağlı xatirə tədbirləri keçirilib.

Arena.az bu barədə “Associated Press” dərgisinə istinadən məlumat verir.

Mərasimdə orkestrin musiqisi sədaları altında Rio-de-Janeyrodakı “Xilaskar Məsih” heykəlinin üzərində Braziliya millisinin Pelenin adı yazılmış 10 nömrəli formasının proyeksiyası nümayiş etdirilib.

Roma Papası Fransiskin (Pele dindar katolik idi) göndərdiyi ismarış da oxunub: “Pele kimi dünya şöhrəti qazanmış Edson Arantis du Nasimentu, şübhəsiz ki, həyatında idmançının bütün müsbət keyfiyyətlərini nümayiş etdirən bir idmançı idi. “Futbol Kralı”nın xatirəsi çoxlarının yaddaşında silinməz olaraq qalır. Bu, yeni nəsilləri idmana aramızda birlik bağlarını möhkəmləndirmək vasitəsi kimi baxmağa təşviq edir”.

Digər dini mərasimlər Santosdakı “Pele Muzeyi”ndə və Pelenin 1940-cı ildə doğulduğu Tres-Korasoyns şəhərində keçirilib.

“Santos”doğma “Vila Belmiro” stadionunda Pelenin oğullarından Edson Çolbi do Nasimentunun meydanın mərkəzi dairəsindən səmaya 10 ağ şar buraxması ilə sabiq futbolçusunun xatirəsini yad edib.

FIFA da Pelenin xatirəsini ehtiramla yad edib. Ali futbol qurumu “Pelenin irsi əbədi yaşayacaq” başlığı ilə Futbol Kralının həyatından diqqətəlayiq məqamlarını əks etdirən videoçarx yayımlayıb.

Bu ilin əvvəlində Braziliya portuqaldili lüğətinin yaradıcıları Pelenin adını lüğətə “müstəsna, müqayisəolunmaz, bənzərsiz” bir insanı təsvir etmək üçün istifadə edilə bilən sifət kimi əlavə edərək Edson Arantis du Nasimentunun adını əbədiləşdirmək qərarına gəliblər.

Xatırladaq ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında yoğun bağırsaq xərçəngindən vəfat edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: