Fernando Santos – “Beşiktaş”ın yeni baş məşqçisi!

Portuqaliyadan olan təcrübəli futbol mütəxəssisi Fernando Santos Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən məlumat verir.

69 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Onun yeni komandasındakı köməkçiləri bu məşqçilər olacaqlar:

Joao Karlos Viana Kunya Kosta, Paulo Xose Ramos Mendes, Yustino Fernando, Rikardo Migel Kandido de Sousa Santos, Xorxe Manuel Kaetano do Rosario.

Xatırladaq ki, Fernando Santosun sonuncu iş yeri Polşa yığma komandası olub. O, Polşa yığmasını 2023-cü ilin yanvarında qəbul etmiş və sentyabra istefaya göndərilmişdi. Onun rəhbərliyi altında Polşa yığması Avropa Çempionatının seçmə mərhələsində 2 qələbə qazanıb və 3 məğlubiyyət alıb.

Fernando Santos Polşa millisindən öncə Portuqaliya yığmasını uğurla çalışdırıb və AÇ-2016-da, UEFA Millətlər Liqası 2019-da çempionluğu bayram edib, həmçinin 2017 Konfederasiyalar Kubokunda bürünc medal qazanıb. Təcrübəli mütəxəssis Polşa yığmasına böyük ümidlərlə gətirilsə də, gözlənilən nəticəni qazana bilməyib.

Fernando Santos daha öncə Yunanıstan yığmasının da baş məşqçisi olub. O, həmçinin “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klublarda işləyib.

“Beşiktaş”ı son olaraq Rıza Çalımbay çalışdırıb. O, ötən ayın sonunda istefaya göndərilmişdi. Çalımbaya qədər “qara qartallar” bu mövsüm Şenol Günəş və Burak Yılmazla da yollarını ayırmışdı. Cari mövsümdə kifayət qədər uğursuz çıxışı ilə diqqət mərkəzində olan bu komandanı Fernando Santosun necə böhrandan çıxaracağı maraqla gözlənilir.

“Beşiktaş” Türkiyə Super Liqasının cari mövsümündə keçirdiyi 18 oyunda 9 qələbə qazanıb, 2 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Komanda 29 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: