“Liverpul”un ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold zədələnərək yaşıl meydanlardan kənarda qalıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən məlumat verir ki, Aleksander-Arnold “qırmızılar”ın İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində “Arsenal”ı səfərdə 2:0 hesabı ilə məğlub etdiyi oyunda dizindən zədə alıb.
“Son oyun zamanı Trent dizini gücə salıb. Onun diz bağında kiçik bir yırtıq var və bunun sağalması üçün zaman gərəkdir. Trent müayinələrdən keçib və bu, onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağını göstərib.
O, azacıq dincələcək və ümidvarıq, əvvəlki səviyyəsinə qayıda biləcək. Çünki bu oğlan bütün oyunlarda həlledici hissəmiz olub və bizə daim meydanın dərinliyindən imkanlar yaradan, həmçinin komandaya yüksək səviyyədə qıvraqlıq qazandıran biri olub. Ona çox ehtiyacımız olacaq”, – “Liverpul”un rəsmi saytında deyilir.
Xatırladaq ki, “Arsenal”a qarşı oyunda Aleksander-Arnold bütün 90 dəqiqəni meydanda keçirib.
Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Aleksander-Arnoldun “Liverpul”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində 25 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib. Müdafiəçinin “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 298 oyun, 18 qol, 81 məhsuldar ötürmə.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent Aleksander-Arnold 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.