Liqa 1: Pyer-Emerik Obameyanq dekabr ayının ən yaxşısı seçildi

Marsel “Olimpik”inin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq Fransa çempionatında (Liqa 1) dekabr ayının ən yaxşı futbolçusu elan edilib.

Arena.az bu barədə turnirin rəsmi saytına istinadən xəbər verir.

Obameyanq səsvermədə PSJ-dən Kilian Mbappe və Lion “Olimpik”indən Aleksandr Lakazetti qabaqlayıb.

Qabonlu futbolçu dekabrda meydana çıxdığı 5 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Obameyanq karyerası ərzində 4-cü dəfə Liqa 1-də ayın ən yaxşı futbolçusu seçilir. Bu mövsüm isə o, ilk dəfə belə bir uğura imza atıb.

Xatırladaq ki, 2023/2024 mövsümündə əvvəlki ayların ən yaxşı oyunçuları bunlar olmuşdular:

Avqust – Takumi Minamino (“Monako”)
Sentyabr – Marçin Bulka (“Nitsa”)
Oktyabr – Kilian Mbappe (PSJ)
Noyabr – Kilian Mbappe (PSJ)

Obameyanq Marsel “Olimpik”inə 2023-cü ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 26 oyuna çıxıb, 13 qol vurub, 7 məhsuldar ötürmə verib.

Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.

Pyer-Emerik Obameyanq 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.

“Transfermarkt” internet-portalı 34 yaşlı Pyer-Emerik Obameyanqı 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: