Madi Keta “Səbail”də – Rəsmi

Qvineya Bisau yığmasının və Portuqaliyanın “Mafra” klubunun sol cinah vingeri Madi Keta bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb. Sözügedən klub son olaraq, Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Ketanı heyətinə qatıb. 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafrankense” klublarının da formasını geyinmiş Madi Keta 2023-cü ilin iyul ayından “Mafra”da çıxış edirdi. O, bu komandada cəmi 7 matça çıxıb və 1 qolla yadda qalıb.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi 2022-ci ildən Qvineya Bisau yığmasının formasını geyinir. O, 2022-ci ilin mart ayında debüt etdiyi yığmada 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: