“Qarabağ”dan ayrılan Qaspar Panadero İspaniya klubunda

Yanvarın əvvəlində Azərbaycan çempionu “Qarabağ”dan ayrılan ispaniyalı yarımmüdafiəçisi Qaspar Panadero özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra İspaniyanın 3-cü Liqa təmsilçisi “Linares Deportivo”da forma geyinəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Panadero “Linares”lə yarım mövsümlük anlaşıb. Belə ki, tərəflər arasındakı müqavilənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb. O, əsas komandada möhkəmlənə bilmədiyi üçün əvəzedici heyətə göndərilmişdi. Azərbaycan çempionu Panaderonu 2022-ci ilin yanvarından iyul ayına qədər Kiprin AEK (Larnaka) klubuna icarəyə də vermişdi.

Panadero karyerası ərzində “Almeriya”, “Ponferradiona” və “Əl-Vahda” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: