“Reyms”in holland dayaq yarımmüdafiəçisi Azor Matusiva bundan sonra Fransanın digər klubu “Renn”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Renn”in mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub yarımmüdafiəçini tamhüquqlu əsasda heyətinə cəlb edib. Transfer “Renn”ə 15,5 milyon avro məbləğində başa gəlib. “Renn” Matusiva ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Azor Matusiva Niderlandın “Vasmer” klubunda futbola qədəm qoyub. Buradan “Almere Siti”yə keçib və ardınca “Ayaks”ın futbol akademiyasına yol tapıb. Matusiva karyerası ərzində “Qrafsxap”, “Qroningen” və “Reyms”də oynayıb.
Cari mövsümün ilk yarısında Matusiva “Reyms”in heyətində 17 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Matusiva Niderlandın U-16, U-17, U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


