Yaşar Nəcəfov Odivelas qran-prisini “gümüş”lə bitirdi

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Portuqaliyanın Odivelas şəhərində təşkil olunmuş qran-pridə gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Odivelasda cüdo üzrə qran-pri yarışına start verilib.

İlk yarış gündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb. Onlardan 3-ü mükafatçılar sırasına düşüb.

Turan Bayramov (60 kq) yarımfinalda məğlub olsa da, turniri bürünc medalla tamamlamağı bacarıb. Turan bürünc medal uğrunda görüşdə Qamzat Zayrbekova (Fərdi Neytral İdmançılar) qalib gəlib.

66 kq çəkidə isə Azərbaycan yığmasının iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, gümüş medala yiyələnib.

Bu çəkidəki digər təmsilçimiz Kamran Süleymanov isə bürünc mükafatçı olub. Kamran üçüncü yer uğrunda mübarizədə Monqolustanı təmsil edən idmançı Basxu Yondonperenleyi məğlub edib.

Bu gün mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) medal qazana bilməyiblər.

Xatırladaq ki, Odivelasdakı qran-priyə yanvarın 28-də yekun vurulacaq. Azərbaycan yığması bu yarışa bütövlükdə 16 cüdoçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: