Serbiyalı dayaq yarımmüdafiəçisi Nemanya Matiç “Renn”dən tamhüquqlu transfer əsasında Lion “Olimpik”inə keçib.
Arena.az bu barədə Lion klubunun rəsmi saytına istinadən məlumat verir.
Transfer Lion “Olimpik”inə 2,6 milyon avro məbləğində başa gəlib. “Olimpik” Matiçlə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
“Lion “Olimpik”i Nemanya Matiç kimi xarizmatik və təcrübəli oyunçunu kluba cəlb edə bildiyinə görə məmnundur”, – Fransa klubunun rəsmi açıqlamasında deyilir.
Nemanya Matiç futbola “Vrelo” klubunda qədəm qoyub. “Dayaqçı” yeniyetməlik və erkən gənclik karyerası ərzində “Obrenovats”, “Srvena Zvezda”, “Partizan”, “Yedinstvo” klublarında çıxış edib. Ardınca Matiç “Kolubara” klubunda böyük futbolda debüt edib. Matiç ardınca “Koşitse”, “Çelsi”, “Vitess”, “Benfika”, “Mançester Yunayted”, “Roma” və “Renn”də oynayıb.
Cari mövsümün ilk yarısında Matiç “Renn”in heyətində 19 oyuna çıxıb. O, bu oyunlarda 3 məhsuldar ötürmə verib.
Matiçin qənimətlər muzeyində “Benfika” ilə Portuqaliya çempionluğu, Portuqaliya Kuboku və Portuqaliya Liqa Kuboku (2 dəfə), “Çelsi” ilə İngiltərə çempionluğu (3 dəfə), İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku var. Həmçinin Matiç “Benfika”da ilin futbolçusu (2012/2013) və Serbiyada ilin futbolçusu seçilib (2014, 2015).
Matiç 2018-ci ilin dekabrında debüt etdiyi Serbiya yığmasının heyətində 48 oyun keçirib. Dayaq yarımmüdafiəçi millidə 2 qol da vurub. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
“Transfermarkt” internet-portalı 35 yaşlı serb dayaq yarımmüdafiəçisinin transfer dəyərini 3,50 milyon avro məbləğində qiymətləndirir.



