Abbasov qayıtdı, Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi

2023-cü ildə Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda 4-cü yeri tutmuş Nicat Abbasov yenidən FIDE reytinqinə daxil olub.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün 2024-cü ilin fevral ayı üçün reytinq cədvəlini açıqlayıb.

Hazırda 2723 xalı olan Şəhriyar Məmmədyarov iki sıra geriləyərək 26-cı olub. İki mövqe irəliləyən Teymur Rəcəbov (2723) 25-ci yerdə qərarlaşıb.

Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-cidir. Yenidən “100-lüy”ə qayıdan Nicat Abbasov (2641) isə 96-cıdır.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu Amerika Birləşmiş Ştatlarının şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.

Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıb. Hindistanlı Humpi Koneru (2554) üçüncü sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: