“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 25-ci turunda evdə autsayder “Salernitana” üzərində darmadağından (4:0) danışıb.
Arena.az “Gazzetta dello Sport” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Uşaqlar çox yaxşı oynadılar. Ciddi oyun idi və biz ona ən yaxşı surətdə yanaşdıq. “Salernitana” bir çox komandalara fəsad yaradıb, biz bu oyuna düzgün yanaşmalıydıq, bunu da etdik.
Qarşıda hələ uzun bir yol var. Futbolda özünü heç vaxt təhlükəsiz hiss edə bilməzsən. Yuxuda belə diqqətcilliyini saxlamaq gərəkdir. Mən özüm futbolçu ikən uduzulmuş görünən skudettonu qazandım (2000-ci ildə “Latsio” A Seriyasının qalibi olmuşdu – redaktorun qeydi).
Hansı yarış daha vacibdir? A Seriyasına və Çempionlar Liqasına gəlincə, bizim heç bir üstünlüyümüz yoxdur. Məqsədimiz hər bir yarışda birinci olmaqdır”, – deyə Simone İnzaqi bildirib.
24 turdan sonra “İnter” 63 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Salernitana” isə 25 oyundan 13 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində “toz basır”.
Vurğulayaq ki, 2-ci pillədə qərarlaşmış “Yuventus”la “neradzurri” arasında 10 xallıq uçurum yaranıb, “byankoneri”nin 53 xalı var.


