Rasmus Höylund “Mançester Yunayted”də ilkə imza atdı

Premyer Liqanın 25-ci turunun “Luton Taun”la səfər oyunu “Mançester Yunayted”in mərkəz hücumçusu Rasmus Höylund üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbə qazandığı oyunda hər iki qolun müəllifi olmuş danimarkalı futbolçu, həm də “Mançester Yunayted”in Premyer Liqada səfər oyunlarında ən tez qol müəllifi olub.

Höylund oyunun 37-ci saniyəsində hesabı açıb. 7-ci dəqiqədə isə danimarkalı hücumçu ikinci qoluna imza atıb ki, bu da “qırmızı şeytanlar”ın Premyer Liqanın səfər oyunlarında ən tez 2:0 hesablı üstünlüyü kimi əlamətdar olub.

Höylund “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub. Ardınca “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib.

“Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatıb. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Höylund “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 30 oyun keçirib, 13 qol vurub, 2 məhsudlar ötürmə verib.
Rasmus Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022) və “Şturm”la Avstriya Kuboku (2022/2023) var.

Rasmus Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: