“İnter”də Hakan Çalhanoğlu sıradan çıxdı – bu oyunları buraxacaq

Futbol üzrə Türkiyə milli komandasının və İtaliyanın “İnter” klubunun dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya nəhənginin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sağ bud əzələsindən zədə almış futbolçu A Seriyasının 26-cı turu çərçivəsində baş tutan “Leççe” ilə səfər matçında da buna görə oynamayayıb. O, 4:0 hesabıyla qalib gəldikləri bu oyunda sonadək ehtiyatda qalmışdı.

Türkiyəli yarımmüdafiəçi zədə səbəbindən daha 2 oyunu buraxacaq. O, A Seriyasında fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə görüşlərdə komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, Hakan peşəkar karyerasına “Karlsrue”də başlayıb. Ardınca türk yarımmüdafiəçi tədricən tərəqqi edərək “Hamburq” və “Bayer”də çıxış edib. “Milan” skautlarının diqqətini cəlb etmiş Çalhanoğlu 2017-ci ilin iyununda 23,3 milyon avro qarşılığında “əczaçılar”ın heyətindən “rosseneri”nin düşərgəsinə transfer edilib. 2021-ci ilin iyulunda isə “Milan”da xidmətinə ehtiyac duyulmayan Hakan azad agent qismində “rossoneri”nin əzəli rəqibi “İnter”in düşərgəsinə keçib. Burada Hakan daha da püxtələşərək yüksək səviyyəli sabit oyunu ilə komandanın aparıcı oyunçularından birinə çevrilib. Çalhanoğlunun “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 11 qol vurub, 3 məhsuldar ötürmə verib. Hakanın “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 125 oyun, 23 qol, 24 məhsuldar ötürmə.

Çalhanoğlu “İnter”lə İtaliya Kubokunun (2021/2022, 2022/2023) və İtaliya Super Kubokunun (2021/2022, 2022/2023) qalibi olub.

Hakan Çalhanoğlu 2013-cü ilin sentyabrında debüt etdiyi Türkiyə millisinin heyətində 82 oyuna çıxıb, 17 qol vurub, 15 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: