“İnter”in baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi ilin ən yaxşı italyan məşqçisinə təqdim edilən müvafiq mükafatı qazanıb.
Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, müvafiq mükafat 2011-ci ildən təqdim edilir.
İnzaqi bu münasibətlə fikirlərini açıqlayıb: “Mən bu nüfuzlu mükafata görə minnətdaram. Bu, ad-san bu illər ərzində mənimlə işləyənlərin hamısının müstəsna dəstəyi olmadan mümkün olmazdı. Bu mükafatı onlara və ailəmə həsr edirəm”, deyə italyan mütəxəssis vurğulayıb.
“İnter”ə uğurla rəhbərlik edən Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İtalyan mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 147 oyun, 99 qələbə, 24 heç-heçə, 24 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 291:120 nisbətindədir.
İtalyan mütəxəssis “İnter”ə 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb.


