“Turan Tovuz”un müdafiəçisi Roderik Miller Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində evdə “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlib.
“Boz qurdlar”ın müdafiəçisi Roderik Millerlə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik. “5 nömrə”nin Arena.az-a müsahibəsini təqdim edirik:
– Dünənki oyun haqda nə düşünürsünüz?
– İlk dəqiqədən çətin oyun oldu. “Araz- Naxçıvan” boşluqları çox yaxşı bağlamışdı. Bu komanda çox yaxşı təşkil olunmuş kollektivdir. Qələbə qazanmaq üçün çox çalışmalı olduq.
– Qələbə qazanmağınıza səbəb olan amillər hansılar idi?
– Düşünürəm ki, ümidsizliyə qapılmamaq, təkrar-təkrar cəhd etmək vacib idi. Onların müdafiəçilərini bir az irəlidə təəccübləndirə bildik və oyunun taleyini vaxtında həll etdik.
– Avrokuboklara vəsiqə qazanmaq barədə imkanlarınızı necə dəyərləndirirsiniz?
– Bu, çox mürəkkəbdir. İkinci və səkkizinci yerlər arasında çox böyük xal fərqi yoxdur. Avrokuboklara çıxmağa can atırıq. Biz sona qədər mübarizə aparacağıq. Hər oyunda mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, buna nail olacağıq.
Xatırladaq ki, Roderik Miller 2023-cü ilin mart ayından “Turan Tovuz”un uğurları üçün çalışır. Panamadan olan 31 yaşlı mərkəz müdafiəçisi indiyə qədər Tovuz klubunun heyətində 31 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Panama yığmasında da 38 oyun keçirib, 2 qola imza atıb.
Nahid Ustaclı


