Antuan Qrizmann “İnter”lə cavab oyununa qədər bərpa olacaq

“Atletiko”nun hücumçusu Antuan Qrizmann “İnter”lə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa qədər sağalacaq.

Arena.az xatırladır ki, Qrizmann “İnter”lə ilk oyunda topuğundan zədə alıb.

Bu zədə 32 yaşlı futbolçu üçün son iki ildə ilk zədəsi kimi əlamətdar olub. İspaniya mətbuatının yazdığına görə, təcrübəli oyunçu italyanlarla cavab görüşünə qədər zədəsini vaxtında sağaltmağa imkan tapacaq.

“Döşəkçilər”in tibb heyəti Qrizmanın sağalmasına nikbin yanaşır. Fransalı hücumçu həftəsonu “Kadis”lə La Liqa oyununda meydana çıxmasa da, ÇL matçında sıraya dönməsi ehtimalı böyükdür.

Xatırladaq ki, bu komandaların ilk görüşü milanlıların minimal hesablı qələbəsi (1:0) ilə başa çatıb.

Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. Antuan “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində bütün yarışlarda 36 oyuna 18 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 377 oyun, 175 qol, 83 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı mərkəz hücumçusu Antuan Qrizmanın transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: