Azərbaycan millisi Avstriya ilə başlayıb, Avstriya ilə bitirəcək

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat məshələsində iştirak edəcək.

Arena.az xəbər verir ki, qitə birinciliyinin seçmə mərhələsi 2024 və 2025-ci illərdə baş tutacaq.

Turnirə bu ilin avqust ayında start veriləcək.

Komandalar reytinqdəki yerlərinə görə qruplara bölünüblər. Reytinqdə 26-cı olan Azərbaycan millisi B qrupunda Belçika (11-ci yer) və Avstriya (29-cu yer) kollektivləri ilə birgə mübarizə aparacaq. Komandamız evdə və səfərdə olmaqla ümumilikdə dörd oyun keçirəcək. Qarşılaşmaların yarısı bu il avqustun 17-29-da, yarısı isə 2025-ci il avqustun 9-17-də təşkil olunacaq.

Qeyd edək ki, seçmə mərhələdə 21 yığma (7 qrup) çıxış edəcək. Onlardan 12-si qitə birinciliyinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

Azərbaycan millisinin oyunlarının təqvimi:

17-18 avqust 2024
Avstriya – Azərbaycan

24-25 avqust 2024
Azərbaycan – Belçika

13 avqust 2025
Belçika – Azərbaycan

16-17 avqust 2025
Azərbaycan – Avstriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: