Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Trabzonspor” – “Fənərbaxça” matçından sonra qalmaqal yaşanıb.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisinin 3:2 hesablı səfər qələbəsiylə yekunlaşmış matçın ardından yerli azarkeşlər qonaq komandanın futbolçularına və məşqçi heyətinə hücum çəkiblər.
Buna isə qonaq komandanın matç bitən kimi meydanın mərkəzində qələbəni xüsusi bayram etməsi səbəb olub. Bundan qəzəblənən trabzonlu fanatlar meydana axışmağa başlayıblar. Nəticədə qonaq komandanın üzvləri ilə yerli fanatlar arasında əlbəyaxa dava düşüb. Davaya təhlükəsizlik qüvvələri müdaxilə edib. Stadionun diktoru fanatları sakitləşməyə dəvət etsə də, buna məhəl qoyulmayıb.
Baş verənlər əlaqədar Türkiyə Futbol Federasiyasının sərt cəzalar tətbiq edəcəyi güman edilir.
Qeyd edək ki, hazırda “Fənərbaxça” Super Liqada 79 xalla ikinci pillədə qərarlaşıb. “Trabzonspor” isə 49 xalla üçüncü sıradadır.
Nahid Ustaclı


