Tibo Kurtua cərrahi əməliyyatdan uğurla çıxdı

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua sağ dizinin daxili menisk yırtığı səbəbilə keçirdiyi cərrahi əməliyyatdan uğurla çıxıb.

Arena.az bu barədə “Real”n rəsmi saytına istinadən məlumat verir.

“Oyunçumuz Tibo Kurtua bu gün “Real”ın tibbi xidmətinin nəzarəti altında sağ dizinin daxili menisk yırtığı səbəbilə uğurlu cərrahi əməliyyatdan keçib. Kurtua yaxın günlərdə bərpa prosesinə başlayacaq”, “Real”ın rəsmi bəyanatında bildirilir.

Xatırladaq ki, Kurtua cari mövsümün əvvəlində sol dizinin ön çarpaz bağının yırtığı zədəsini almış, mövsümün böyük hissəsini müalicəsi ilə məşğul olmuşdu. Dünən, martın 19-da isə belçikalı qapıçı məşq zamanı məlum zədə ilə üzləşmiş və cərrahi müdaxiləyə keçməyə məcbur olmuşdu. Hazırda ilk ehtimallara əsasən, Kurtua daha iki ay futbolsuz qalmalı olacaq.

Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı zədə səbəbindən meydana çıxmayıb. Geridə qalmış 2022/2023 mövsümündə isə Tibo Kurtua “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı qapıçı Tibo Kurtuanı transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: