Kristiano Ronaldo het-trik etdi, “Əl-Nəsr” 5 qola sevindi – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 25-ci turunda autsayder “Əl-Tai”ni qəbul edib.

Yeri gəlmişkən qeyd edək ki, “Əl-Tai”ni “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekamp çalışdırır. “Əl-Nəsr” bu rəqiblə oyunda 5:1 hesabı ilə qələbə qazanıb. “Nəcd cəngavərləri”nin qələbəsində komandanın portuqal ulduzunun böyük əməyi olub. Ronaldo bu oyunda 3 qol vurub. Ulduz futbolçu oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib.

25 turdan sonra “Əl-Nəsr” yarış cədvəlində 59 xalla 2-ci, “Əl-Tai” isə 22 xalla sonuncudan əvvəlki, 17-ci pillədə qərarlaşıb.

Oyundan sonra Ronaldo komandasının və özünün uğuru haqda sosial şəbəkədə yazı paylaşıb:

“Biz bunu belə edirik! İnanılmaz qələbə və daha bir het-trik” – ulduz futbolçu dərc edib.

Vurğulayaq ki, Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 26 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 33 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: