Maksim Medvedev: “Karyeramı bitirib, futbolda qalacağam”

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bunu “metaratings.ru” saytına müsahibəsində deyib:

“Bir ildir çağırılmadığım üçün öz içimdə milli komanda ilə vidalaşmışam”.

34 yaşlı müdafiəçi yığmaya azarkeş marağının az olmasını zəif nəticələrlə əlaqələndirib: “Dəstək azdır, çünki millinin nəticələri zəifdir. Yaxşı motivasiya lazımdır. Yeddi ildir məzuniyyətim olmayıb. Çünki məzuniyyət günlərini millinin düşərgəsində keçirmişəm. Onsuz da psixoloji cəhətdən çətin idi”.

Keçmiş kapitan Azərbaycan yığmasının Avropa çempionatına vəsiqə qazanan Gürcüstan və Ukraynanın uğurunu təkrarlaya bilməməsini qeyri-sabitlikdə görür: “Sabitlik yoxdur, çünki Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişir. Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə gəlir. Məsələn, klublarda müdafiəçilərin bəziləri 4-lü, bəziləri 5-li oynayırlar. Komanda bir-birinə öyrəşməlidir. Ancaq müxtəlif sxemlərə görə bu çətindir. Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmirdi. Həmçinin gənclərdən ibarət komandaları da gücləndirmək lazımdır”.

“Qarabağ”ın kapitanı olan Maksim Medvedev ümumiyyətlə futbolçu karyerasının bitmək üzrə olduğunu da deyib. O, karyerasını bitirdikdən sonra da bu sahədə qalmağı planlaşdırdığını bildirib:

“Karyeramın sonu yaxınlaşır. Futbolda qalmaq, biliklərimi yeni nəsillərə ötürmək istərdim. Gənclərlə ünsiyyət qururam, onlara doğru yolu göstərirəm, stressdən necə çıxmalı olduqlarını izah edirəm. Komandada qalmaq istərdim, amma seçim etməliyəm. Çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim çoxlu sahələr var”.

34 yaşlı müdafiəçi çalışa biləcəyi vəzifələri sadalayıb:

“Çoxu deyir ki, idman direktoru, məşqçi ola və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansının daha yaxşı olduğunu dəqiq bilmirəm. Minimumdan maksimum yararlanan məşqçi ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Məşqçilik kateqoriyam yoxdur, amma bilik baxımından özümü ilkin kateqoriyalara yaxın hiss edirəm”.

Xatırladaq ki, “Qarabağ”ın yetirməsi olan Medvedev 2006-cı ildən Ağdam klubunun əsas komandasında çıxış edir. O, bu komandanın heyətində 443 oyuna çıxıb, 16 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Maksim 2009-cu ildə debüt etdiyi Azərbaycan millisində də 81 oyuna çıxıb, 4 qol və 1 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: