Futbol üzrə Azərbaycan millisinin üzvləri – Vüsal İsgəndərli ilə Coşqun Diniyev Türkiyə Birinci Liqasında növbəti matçlarına çıxıblar.
Arena.az xəbər verir ki, onların komandaları bu gün TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 30-cu turu çərçivəsində bir-biri ilə qarşılaşıblar.
Belə ki, Vüsallı “Boluspor” doğma meydanda Coşqunlu “Ümraniyəspor”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Vüsalın komandası qələbə qolunu 86-cı dəqiqədə vurub.
Azərbaycanlı futbolçular bu oyuna start heyətdə başlayıblar. 22-ci dəqiqədə sarı vərəqə alan Vüsal 59-cu dəqiqədə əvəzlənib. Diniyev isə 90+1-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 28 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 30 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Vüsal İsgəndərli isə “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. 28 yaşlı azərbaycanlı futbolçu Bolu təmsilçisində 11 matça çıxıb.
30 turdan sonra “Boluspor” 46 xalla 7-ci pillədə qərarlaşıb. “Ümraniyəspor” isə 34 xalla 12-cidir.


