Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 30-cu turu çərçivəsində keçirilmiş Sofiya ÇSKA-sı ilə oyunun iştirakçısı olub.
“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 2:3. ÇSKA 12-ci dəqiqədə hesabı açsa da, meydan sahibləri 19-cu və 21-ci dəqiqələrdə vurduqları qollarla önə keçməyə nail olublar. Amma fasilədən sonra daha 2 qol vuran Sofiya təmsilçisi qələbə qazanıb.
Hüseynov bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb.
“Arda” bu nəticədən sonra ölkə çempionatında 39 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 28 rəsmi oyuna çıxıb, 1 qol vurub.


