Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasına hazırlaşan qadınlardan ibarət millimizlə görüşüb.
Arena.az xəbər verir ki, bu gün baş tutan görüşdə Bağırov voleybolçularımızla söhbət edib, onların səhhəti ilə maraqlanıb.
Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.
Federasiya rəhbəri millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib. O, voleybolçularımıza qarşıdakı mötəbər yarışda uğurlar arzulayıb.
Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev və baş katib Faiq Orucov qadın və kişi voleybolçular arasında ölkə çempionatının qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə də görüşüblər. Görüşdə bu klubun həm qadın, həm də kişi komandasının oyunçuları, məşqçilər heyəti və digər əməkdaşları iştirak ediblər.
Şahin Bağırov ilk olaraq, “Azərreyl”in oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu il ölkə çempionatlarının kifayət qədər maraqlı və gərgin keçdiyini bildirib, qarşılaşmaların, birinciliyin açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. AVF rəhbəri hər bir oyunçuya bu gözəl mübarizə üçün təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.
“Azərreyl”in rəhbəri Orxan Kərimov və baş məşqçilər onlara göstərilən diqqətə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra klubun simvolik formasını Şahin Bağırova və Bəhruz Quliyevə təqdim ediblər. “Azərreyl”in qadınlardan ibarət komandasının baş məşqçisi Cengiz Akarçeşme isə müəllifi olduğu “Müasir voleybol” kitabını Şahin Bağırova hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.


