Nikolo Barella üçün yeni müqavilə – Qazancı açıqlandı

“İnter”in idman direktoru Pyero Auzilio bildirib ki, klub yarımmüdafiəçi Nikolo Barella ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb.

Arena.az Auzilionun bu barədə fikirlərini təqdim edir:

“Biz Barella ilə yeni müqavilə imzalamağa çox yaxınıq. Yeni müqavilə artıq 2029-cu ilə qədər hazırdır, oyunçunun maaşı ildə 6,5 milyon avro və üstəlik olaraq 1 milyon avro təşkil edəcək”, deyə Auzilio bildirib.

Xatırladaq ki, Barella 2019-cu ildən “İnter”də çıxış edir. “Kalyari”nin yetirməsi olan futbolçu 2015-2020-ci illər aralığında bu klubun əsas komandasında 100-dən çox oyun keçirib. 2016-cı ildə qısa müddət “Komo”da da icarədə oynamış Barella, 2019/20 mövsümündə “İnter”ə icarəyə verilib. Məhz həmin mövsümdəki uğurlu çıxışından sonra Milan təmsilçisi onu birdəfəlik transfer edib. Barellanın “İnter”lə mövcub müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.

Yarımmüdafiəçi cari mövsümdə 45 oyuna çıxıb. 27 yaşlı futbolçu bu oyunlarda 2 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Nikolo bu komandada bütövlükdə 232 matça çıxıb, 22 qol vurub, 51 assistlə yadda qalıb.

Nikolo İtaliya yığmasının da üzvüdür. O, millidə keçirdiyi 53 matçda 9 qola imza atıb, 9 məhsuldar ötürmə müəllifi olub.

Barella İtaliya yığmasının heyətində 2021-ci ildə Avropa çempionu olub. O, “İnter”in heyətində də 2 dəfə (2020/2021, 2023/2024) İtaliya çempionu adını qazanıb. Dayaq yarımmüdafiəçisi Milan təmsilçisi ilə 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunun, 3 dəfə İtaliya Super Kubokunun (2021/2022, 2022/2023 və 2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı Nikolo Barellanı 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: