Xasay Həsənli və Ziya Babaşov Avropa çempionu oldular!

Güləş üzrə Azərbaycan millisinin iki üzvü – Xasay Həsənli və Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, ilk dəfə Azərbaycanda 23 yaşadək idmançılar arasında təşkil olunmuş güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Bakı İdman Sarayında keçirilən qitə birinciliyinin ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşdirib. Azərbaycan millisi hesabına 2 qızıl və 2 bürünc medal yazdırıb.

Rəşad Məmmədov (55 kq) ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək medal hesabımızı açıb. O, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Ziya Babaşov (63 kq) gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında moldovalı Vitali Yeriomenkonu minimal fərqlə (3:2) üstələyərək Avropa çempionatının qalibi olub.

Xasay Həsənli (77 kq) də ona bəslənən ümidləri doğruldub. Həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə (10:1) heç bir şans tanımayan həmyerlimiz 2-ci dəfə U-23 Avropa çempionatında baş mükafata yiyələnib.

Gündüz seansında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) son qarşılaşmada belaruslu İlya Mialeşçikin (4:1) də öhdəsindən gəlib. O da növbəti analoji yarışda bürünc medalı boynundan asıb.

Sabah Azərbaycan yığmasının üzvləri daha 2 qızıl və 2 bürünc medal qazanmaq şansına malikdirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: