Tyaqo Motta “Bolonya”dan ayrıldı – Rəsmi

Braziliyaəsilli italiyalı mütəxəssis Tyaqo Motta klubla müqaviləsini yeniləməyərək, “Bolonya”nın baş məşqçisi vəzifəsindən gedib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir:

“Bu səhər Motta kluba “Bolonya” ilə müqaviləsini yeniləməmək niyyətində olduğunu bildirdi. Qərarı nəzərə alan klub çalışdırıcıya gördüyü möhtəşəm işə görə təşəkkür edir və ona karyerasının qalan hissəsində uğurlar arzulayır”, – “Bolonya”nın rəsmi bəyanatında deyilir.

“Bu iki il ərzində komandaya parlaq oyun xasiyyəti vermiş hazırlıqlı və qalib məşqçi ilə tanış oldum. Çempionlar Liqasına vəsiqə qazanması onu və klubumuzun tarixində hər bir oyunçunu əlamətdar edir. Mən onun “Bolonya”da qalmasını istərdim, amma bu gözəl mövsümlər üçün ona və komandasına yalnız təşəkkür edə bilərəm və ona gələcək üçün ən yaxşısını arzulayıram”, deyə klub prezidenti Coi Saputo bildirib.

Vurğulayaq ki, Mottanın “Yuventus”un sükanı arxasına keçə biləcəyi və bu səbəbdən uğurla çalışdırdığı “Bolonya”dan ayrıldığı vurğulanır.

Hazırda “Bolonya” 37 oyundan 68 xalla İtaliya A Seriyasının yarış cədvəlində şərti olaraq 3-cü pillədə qərarlaşıb. “Tazılar” növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququ qazanıblar.

Tyaqo Motta “Bolonya”nın sükanı arxasına 2022-ci ilin sentyabrında keçib. Məlum olduğu kimi, mütəxəssis klubla cari mövsümün sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməyib.

Motta “tazılar”ı 75 oyuna çıxarıb, 35 qələbə qazandırıb, 23 heç-heçə və 17 məğlubiyyət yaşayıb. Top fərqi isə 111:77 nisbətindədir.

Vurğulanır ki, hazırda “Bolonya” çətin vəziyyətə düşüb. “Tazılar” Mottanın rəhbərliyi altında öz oyun fəlsəfəsini yaratmış və öz oyun tərzini təsis etmiş kollektiv ikən, növbəti mövsümdə də tərəqqi eədərək, iddialarını ortaya qoymaq niyyətində idilər. İndi “Bolonya” bu yolu davam etdirəcək iddialı mütəxəssis axtarışında qiymətli zaman itirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: