Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 33-cü turu çərçivəsində “Ər-Riyad”ın qonağı olub.
“Əl-Nəsr” səfər matçından 2:2 hesablı heçə-heçə ilə ayrılıb. Qonaqların portuqal ulduzu Ronaldo meydanda 90 dəqiqə mübarizə aparsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Əl-Nəsr” 15-ci dəqiqədə Otavionun qolu ilə hesabda önə keçib. 26-cı dəqiqədə meydan sahibləri hesabda tarazlıq yaradıblar. Birinci hissəyə əlavə edilmiş ilk təzminat dəqiqəsində (45+1) isə “Ər-Riyad” hesabda üstünlüyü yaxalayıb. İkinci hissədə irəli atılmış “Əl-Nəsr”in canfəşanlığı 63-cü dəqiqədə Emerik Lyaportun qırmızı vərəqə alması ilə nəticələnib. Buna rəğmən, ruhdan düşməyən qonaqlar oyuna əlavə edilmiş təzminat vaxtında (90+7) Meşari Əl-Nemerin vurduğu qolla məğlubiyyətdən qurtulublar.
Artıq gümüş medalını təmin etmiş “Əl-Nəsr” 33 oyundan 79 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Ər-Riyad” isə 32 xalla 14-cü yerdədir.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasına çempionluğunu erkən təmin etmiş “Əl-Hilal” 93 xalla başçılıq edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 42 qol vurub, 13 məhsuldar verib.
Ronaldo 33 qolla cari mövsüm yerli çempionatın ən sərrast futbolçusudur. Portuqal hücumçunun hesabında 11 məhuldar ötürmə də var. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə 44 xal toplamış Ronaldo cari mövsümün ən səmərəli futbolçusudur.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.


