Məhkəmə “Barselona” ilə bağlı rüşvətxorluq ittihamını qaldırdı

Barselona məhkəməsi “Barselona”nın və klubun prezidenti Joan Laportanın rüşvətxorluqda ittiham edilməsinə dair qərarı ləğv edib.

Arena.az xatırladır ki, Kataloniya təmsilçisi və Laporta İspaniya Kral Futbol Federasiyası (RFEF) Hakimlər Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 2001-2018-ci illər aralığında 7,5 milyon avro məbləğində ödənişlər etməsi müqabilində rüşvətxorluqda – idman korrupsiyasında ittiham edilirdilər.

İspaniyanın dövlət xəbər agentliyi EFE məlumat verir ki, müvafiq ittiham Kataloniya nəhənginin və “blauqrana”nın prezidenti Laportanın üzərindəndən qaldırılıb. Məhkəmə, Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu və “Barselona”nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselin də yer aldığı müdafiə tərəfi ilə razılaşıb və iş üzrə rüşvət ittihamını ləğv edib.

Məhkəmə, prokurorlar və müdafiə tərəfi ilə ona görə razılaşıb ki, Neqreyra dövlət işçisi olmadığı üçün iş rüşvətxorluq cinayətinə görə araşdırıla bilməz. Məhkəmə qərarında qeyd edilib ki, qanuna əsasən, idman federasiyaları özəl qeyri-kommersiya təşkilatlarıdır və öz hüquqi subyektlərinə malikdirlər.

Amma eyni zamanda, Laporta, Bartomeu və Roselə qarşı idman korrupsiyası və sənədlərin saxtalaşdırılması ilə bağlı hüquqi araşdırmalar davam edir.

Öz növbəsində Joan Laporta apellyasiya şikayəti ilə müraciət edib. “Barselona”nın prezidenti iddia müddətinin bitdiyi üçün ona qarşı qaldırılmış işlərə xitam verilməsini israr edir.

Xatırladaq ki, ispan məmur ilk dəfə 2003-2010-cu illərdə Kataloniya klubunun prezidenti olub.

Məhkəmənin rüşvət ittihamını ləğv etməsindən sonra Kataloniya klubu rəsmi açıqlama verib:

“Klubumuz Barselona Məhkəməsi tərəfindən verilmiş qərarın məzmunundan tam məmnunluğunu ifadə etmək istəyir. Bu, klubun təqdim etdiyi müdafiəni təsdiqləyir və ehtimal edilən rüşvət cinayəti fərziyyəsini rədd edir. Biz ədalətin bərqərar olacağına və bu iddia ilə bağlı hadisələrə nəhayət aydınlıq gətiriləcəyinə əminik. Bununla da klubun mütləq təqsirsizliyini nümayiş etdirəcəyik”, – klubun rəsmi bəyanatında deyilir.

Vurğulanır ki, digər ittihamlar üzrə araşdırmalar davam etdiriləcək. Həmçinin Joan Laportanın şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: