Freddi Quarin: “Əyyaşlığım nikahımı, evimi, ailəmi əlimdən aldı”

“İnter”in və Kolumbiya yığmasının sabiq yarımmüdafiəçisi Freddi Quarin həyatına mənfi təsir edən spirtli içki qəbulu haqda söhbət açıb.

Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, kolumbiyalı futbolçu bu aludəçiliyindən xeyli peşman olduğunu etraf edib:

“Mən spirtli içki aludəçisiyəmmi? Belə yüz faiz. Mən əyyaşam, bunu etiraf edirəm, sağalmaqda olan narkomanam. Mən bir neçə il ərzində əyyaş olmuşam, hətta fəal futbol oynayarkən belə. Məhz onda mən yanlış qərarlar verməyə başladım. Mən “Milyonarios”u tərk edəndə, ən aşağı nöqtəyə çatdım, son üç ildə asılılığımın dibinə vardım. Artıq mən işləmirdim, öz hörmətimi, kiçik ünsiyyət çevrəmi, yaxınlarımın etibarını və sahib olduğum ən vacib və dəyərli məqamlarımı – üç övladımı itirdim. Mən duyğusal dəyəri olan çox şeyi itirmişəm.

Mən öz nikahımı, evimi və ailəmi itirdim. Bütün bunlar, məni yanlış qərarlar verməyə vadar edən spirtli içkilər üzündən oldu. Yoxdan qurduğum evi itirmək məni çox incidir. Mənim gözəl bir həyat yoldaşım, övladlarımın gözəl anası vardı və mən bunu qəbul etməliyəm. Ona isə həyatında ən yaxşısını arzulamalıyam.
Ümidvaram ki, bir gün o, məni bağışlaya biləcək”, deyə Quarin kədər və ümidlə bildirib.

Hazırda 37 yaşlı Freddi Quarin futbolçu karyerasına 2021-ci ilin iyulunda xitam verib.

Quarin Avropada “Sent-Etyen”, “Portu” və “İnter”in heyətində çıxışları ilə tanınıb.

Kolumbiya yığmasının heyətində Quarin 58 oyuna 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Mütəxəssislərin rəyincə etibarlı oyunu ilə diqqət çəksə də, əyyaşlığı kolumbiyalı futbolçunu parlamağa qoymayıb və öz istedadını dəfn etməsinə səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: