Kilian Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe “Globe Soccer Awards” tərəfindən 2023/2024 mövsümündə Avropanın ən yaxşı futbolçusu seçilib.

Arena.az xatırladır ki, “Globe Soccer Awards” futbol mühitində ən böyük nailiyyətlər əldə etmiş insanları müyyənləşdirərək mükafatlandıran illik ənənəvi mərasimidir.

Mbappe Cud Bellingem (“Real”), Filip Foden (“Mançester Siti”), Antuan Qrizmann (“Atletiko”, Madrid), Seru Girassi (“Ştutqart”), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bayern”), Lautaro Martines (“İnter”), Rodri (“Mançester Siti”), Məhəmməd Salah (“Liverpul”), Bernardo Silva” (“Mançester Siti”) və Vinisius Junioru (“Real”) qabaqlayıb.

“Karyeramda yeni mərhələyə keçmək istəyirəm”

Fransalı ulduz mükafatlandırma mərasimindən sonrakı mətbuat konfransında bu münasibətlə fikirlərini ifadə edib:

“İnsan və idmançı kimi mən çox dəyişmişəm. İndi mənim daha çox təcrübəm var və futbol dünyasının özəlliklərini daha yaxşı bilirəm. Futbolda çoxlu məqsədlərim var. Mən AÇ-2024-dən başlamaq və sonra karyeramda yeni mərhələyə keçmək istəyirəm”, deyə Mbappe bildirib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xatırladaq ki, Mbappe cari mövsümün bitməsilə Fransa nəhəngindən ayrılacaq. Ulduz futbolçunun azad agent qismində “Real”a keçəcəyi iddia edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: